Bakı İslam Universiteti Zaqatala şöbəsinın elmi-akademik orqanı olan Elmi Məcmuə artıq üçüncü sayısını tamamlamışdır. Məcmuəmiz, başda İslam dininin müxtəlif sahələri olmaqla, həyatımızın bütün yönləriylə əlaqəli elmi iddialara və dəlillərə dayanan akademik məqalələri əhatə etmişdir.
Məcmuəmizin əsas və birinci missiyası İslam dininin olduğu kimi, doğru və elmi metodlarla anlaşılmasını asanlaşdırmaqdır. Bunun üçün də məqalələrimiz şöbəmizin dəyərli mütəxəssis ilahiyyatçı müəllimləri tərəfindən hazırlanmışdır. Məcmuədə təfsir, hədis, fiqh, islam tarixi tarixi, islam və din fəlsəfəsi, din sosiologiyası və sairə islami elmlərlə yanaşı, bu gün dünyada qarşılaşdığımız problemlərlə əlaqəli elmi yazılara yer vermək də missialarımızdan bir digəridir. Dini terminologiyanın yaranmasında və zənginləşməsində bu məqalələrimizin əhəmiyyətli dərəcədə rolu olması niyyəti və qənaətindəyik.
Məcmuəmizdə İslam hüququ üzrə mütəxəssis Dr. Əhməd Niyazov müsəlmanın gündəlik həyatında mühüm yer tutan fərz namazları, onların qəzaya qalması və belə olan təqdirdə qəza namazlarının da sünnələrlə birgə qılınmasıyla bağlı fiqhi məsələlərə yazısında yer vermişdir. Bu məsələlərlə əlaqəli fiqhi ixtilafları və fərqlilikləri İslami mənbələrə dayanaraq izah etməyə çalışmışdır.
Dr. Rafiz Manafov İslam dini-fəlsəfi düşüncəsində hər zaman mübahisə mövzusu olan Hürufilik nəzəriyyəsini, nəzəriyyənin qurucusu sayılan Seyyid İmadəddin Nəsiminın həqiqi kimliyini bu fərqli və ziddiyyətli görüşlərin arxasından gö(stə)rməyə çalışmışdır. Kimdir Nəsimi?- sufimi?, filosofmu?, kafirmi? Yoxsa sadəcə anlaşılmaz bir şairmi?. Yazımızın mahiyyətini bu suallar və cavabları təşkil edir.
Dr. Mehman İsmayılov Qurani-Kərimin, fərdi insan qruplarından tövhidi bir cəmiyyətin yaranmasında oynadığı mühüm roldan bəhs etmişdir. Eyni zamanda bu birliyi sarsıdan və onu parçalayan səbəb və amilləri Qurani terminologiyaya istinadən sadalamışdır. Fərdi parçalanmının etiqadi və əxlaqı təməlləri də bu məqalədə izah olunmuşdur.
Hədis elmləri üzrə mütəxəssis Vüqar Səmədov, Həzrət Muhəmmədin (s.ə.s.) bədəvi ərəb qəbilələrinə olan münasibətini, onlarla olan ictimai, dini və siyasi əlaqələrini qələmə almışdır. Mədəni sivilizasiyadan uzaq olan bu qəbilələrin islamlaşmasında və mədəniləşməsində izlədiyi nəbəvi metodlar açıqlanmışdır.
Ərəbşünas İbrahim Erol öz yazısında, dünya dilləri içərisində ərəb dilinə xas olan irab sistemi məsələlərini qrammatik şəkildə izah etmişdir. Cümlə qəliblərinin yaranmasında irab və məhəlli irabın əsas əhəmiyyəti ortaya qoyulmuşdur.
İslam əhkamının meydana gəlməsində Qurani-Kərim mühüm rol oynamışdır. Xüsusilə də Quranın fərqli şəkillərdə oxunması, onun fərqli qiraətlərlə tilavət olunması əhkamın zənginləşminə və daha asan şəkildə tətbiq olunmasına zəmin yaratmışdır. Dəyərli din sosioloqu olan Asəf Qənbərov da bu məsələləri elmi üslub və mənbələrə dayanaraq qələmə almışdır.
Ərəb dili qrammatikasının bu günki vəziyyəti, terminlərin dəqiqləşməsindən sonra uzun illər boyu əldə edilmişdir. Əl-Əxfəş əl-Əvsət də bu mərhələnin ortasında yetişmiş qiymətli dilçilərdən biridir. Onun həyatı və elmi fəaliyyəti Süleyman Mahmud Kayagilin yazısında öz əksini tapmışdır.
Məcmuəmizin digər yazılarında Rövşən Əliyevin qələmə aldığı Qurandakı müqəddəs yerlərdən Məkkə və Qüdsün bərəkəti, Murad Osmanovun qələmə aldığı İslam hüquq nəzəriyyəsində hökmün mahiyyəti və onu təşkil edən amillər, Əmir Kahayevin yazmış olduğu İslam hüququnda qadının şahidliyi məsələsinin izahı, Cahangir Sultanovun yazmış olduğu Zaqatala rayonunun bəzi dövrlərində İslam dininin oynadığı əhəmiyyətli rol, Niyaməddin Müzəffərovun qələmə aldığı yazıda tövhid prinsipinin birləşdirici mahiyyətindən və bənzər məsələlərdən bəhs olunmuşdur.
Məcmuəmizin üçüncü sayısını bu iddialara və məqsədlərə dayanaraq hazırlamağa çalışdıq. Şübhəsiz ki, müvəffəqiyyət Allahdandır...
Dr. Rafiz Manafov
|